Qədim Gilan (Giran) şəhərinə gedən su arxının qalıqları
Antik Giran (Gilan) şəhəri Düylünçay hövzəsində yerləşsə də, о əsasən Biləv ərazisində Gilançayın sol sahilindən ayrılmış arxın suyu ilə təmin olunurmuş.
Antik Giran (Gilan) şəhəri Düylünçay hövzəsində yerləşsə də, о əsasən Biləv ərazisində Gilançayın sol sahilindən ayrılmış arxın suyu ilə təmin olunurmuş. Elə ona görədir ki, Gilançayın adı da qədim Gilan şəhərinin adından götürülmüşdür. Biləv ərazisində kənddən 3,5 km cənubda, sonralar Dəhnədərəsi adlanan yerdə Gilançaydan həmin arxa su ayrılırmış. Dəhnədərəsi adı da ondan götürülmüşdür.
Dəhnədərəsindən başlayaraq, indiki Gilançay kəndinin 1,2-1,5 km qərbindən və Baş Dizənin üst tərəfindən keçməklə indiki Xarabagilana qədər 15-16 km məsafədə uzanan və XVII əsrə qədər mövcud olmuş qədim su arxının qalıqları - yerləri, izləri 1950-ci illərə qədər aydın şəkildə görünürdü və bilinirdi. Mən (H.Aslanlı) 1954-1957-ci illərdə tez-tez yük maşınlarının üstündə Ordubada gedərkən onları görürdüm. Kiçik quru dərələrin kənarlarında onlar müxtəlif ölçülü təbii daşların əhənglə (kirəclə) bərkiyib sementləşməsi şəklində qalmışdılar. Yəqin ki, suyu keçirmək üçün dərələrin üzərində novlar qoyulmuşdur. Həmin növların iki başı da lazım olan hörgü ilə bərkidilmişdir. Görünür bu qalıqlar da elə о hörgülərin qalıqlarıdır.
1960-cı illərdə qədim su arxının izləri olan yerlərlə yuxarı dağ kəndlərinə və Parağaçay filiz mədəninə yüksək gərginlikli elektrik xətləri çəkilərkən və xüsusilə də son illərdə Biləv HES-in tikintisi ilə əlaqədar həmin yerlərlə kanal çəkilməsi nəticəsində qədim arxın izləri xeyli dərəcədə pozularaq itib- batmışdır. Bununla belə həmin qədim su arxının izlərinə nadir hallarda olsa da, Gilançay kəndinin qarşı tərəflərində Baş dizə ərazisində və s. yerlərdə indi də rast gəlinir.
- Tarix:2015-05-26